Giriş
Kitab bir neçə illik tədqiqatın (araştırmanın) nəticəsidir. Əvvəl bütün süni intellekt (yapay zeka) istiqamətindəki tədqiqatları bir kitabda birləşdirməyi planlaşdırırdım. Sonralar həcmin çox böyük alınmasına görə bunları bir neçə hissəyə böldüm və üç başlıq altında dərcə (yayına) hazırlamağı planlaşdırdım. Bunlardan biri və birincisi hazırda qeyd etdiyim kitabdır: “Yaradıcı Süni İntellekt: hər kəsin kitabı” (150 sual – 150 cavab). Hazırkı sətirlər əsasən bu kitaba həsr olunur.
Digər dərcə hazırlanan kitab: “Smart maliyyə: qalaktikalararası pul axını” – proqnozlar və süni intellektin olduqca sürətli inkişafı insan müdaxiləsinin yaxın gələcəkdə qalaktikamızın sərhədlərini aşacağını göstərir. Hazırda planetlərarası pul axını faktiki mövcuddur, amma digər qalaktikalara çıxış məhduddur (kısıtlıdır). Məqsəd nəzəriyyəyə yeni sistem və araşdırma ilə daxil olaraq kainat maliyyəsinin və nəinki planetlərarası, həmçinin qalaktikalararası pul-maliyyə axınının araşdırılması, konkret nəticə əldə olunmasıdır. Belə qlobal hərəkətlənmə birbaşa yeni supermodern texnologiyaların ortaya çıxması ilə baş tuta bilər. Bu, Kvant erasının (çağının) başlanması, Kvant süni intellektinin formalaşması, Ümumi süni intellektin (AGI) yaranması ilə əlaqədardır. Məhz buna görə də üçüncü kitab belə adlanır: “Kvant maliyyəsi və Kvant süni intellekti: alqoritmlərin hakimiyyəti”.
Hər üç kitabda əsas məqsəd insanların yeni şəraitə uyğunlaşdırılmasını təmin etmək, maarifləndirmək (bilinçlendirmek) və heç olmasa yeni süni intellekt erasında texnoloji idarəetməyə alışdırmaqdır. “Yaradıcı Süni İntellekt: hər kəsin kitabı” (150 sual – 150 cavab) kitabının tədqiqatı 2022-ci ilin sonunda ChatGPT-nin istifadəyə verilməsi ilə başladı. Bu yaradıcı süni intellekt alətinin (aracının) müzakirələrində, təlimində, istifadəsinin öyrənilməsində daimi iştirak etmişəm. Dünyanın aparıcı universitetləri olan Harvard, Oksford, Stenford, MIT, Kembric demək olar ki, ayda bir və ya bir neçə vebinar, seminar, konfrans və digər tədbirlər keçirirdi. Bu universitetlərlə və onların yerləşdiyi ölkələrlə müqayisədə ölkəmiz və regionumuz olduqca zəif görünürdü və bu məni həddindən çox narahat edirdi.
Ümumiyyətlə, yalnız bizim ölkəmiz deyil, bütün müsəlman ölkələrində təqribən eyni vəziyyət hökm sürür (egemendir). Mən bu sahədə bir neçə tədqiqat aparmışdım, hamısı belə müqayisədə acı nəticələr göstərmişdir. İqtisadi və sosial göstəricilərin ölkələr üzrə, həmçinin din qrupları üzrə təhlilini həyata keçirdim. İslam ölkələrinin daha çox geri qalması müşahidə olunurdu. Süni intellektin və ümumiyyətlə, innovasiyaların inkişafı üzrə belə vəziyyət özünü daha qabarıq göstərir.
Məsələn, əsas iqtisadi göstərici olan adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə İslam ölkələrinin orta göstəricisi (8,828 dollar) xristian ölkələrindən (21,857 dollar) və bütün digər dinlərdən (24,549 dollar) xeyli geri qalır. Müvafiq olaraq IQ indeksi 76.82, 84.60 və 94.41; demokratiya indeksi 3.57, 6.26 və 5.84 təşkil edir. Belə meyl (eğilim) bütün pozitiv göstəricilər üzrə (innovasiya indeksi, elmin inkişafı, süni intellekt, azadlıq indeksi) davam edir. Amma mənfi göstəricilər üzrə müsəlman ölkələrinin orta göstəricisi hamıdan irəlidədir. Məsələn, cəmiyyətləri içərisindən yeyib dağıdan korrupsiyaya (yolsuzluğa) qarşı mübarizə indeksinə görə müsəlman ölkələrinin orta indeksi (30), xristian ölkələrindən (47.82) və digər din ölkələrindən (53.08) xeyli geri qalır.
Azərbaycanda da eyni vəziyyət müşahidə olunur. Xüsusilə İslam psixologiyasının ölkənin müstəqilliyindən (bağımsızlığından) sonra tam hegemonluğa keçməsi ilə ölkədə elm, texnologiya, sənaye və innovasiyaların inkişafı ciddi surətdə geriləməyə məruz qaldı. Ağır sənaye, elm və texnoloji istehsalat ümumiyyətlə tamamilə aradan qaldırılmışdır. Elmi-texnoloji məhsul ixracatı (dışsatımı) faktiki olaraq sıfırlanmışdır. Süni intellekt sahəsində tədqiqatlar dayandırılmışdır. Bu azalma meyli (eğilimi) hətta 2026-cı ilin planlarında da davam etmişdir. Kənd təsərrüfatı (tarım) elmində ciddi ixtisarların aparılması artıq həyata keçirilir.
Yalnız 2025-ci ildə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edildikdən sonra azacıq hərəkətlənmə müşahidə olunur.[1] Halbuki süni intellekt tamamilə elm sahəsidir.
“Bu gün süni intellektin (yapay zekanın) tətbiqi (uygulanması), data mərkəzlərinin (veri merkezlerinin) yaradılması, rəqəmsallaşma (dijitalleşme) ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir (belirliyor). Azərbaycanda bu istiqamətdə (yönde) müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər (öncelikler) siyahısına daxil etməyimizdir.”[2]
Daha ciddi geriləmə səhiyyə elmi üzrə nəzərə çarpmışdır. Ümumiyyətlə, səhiyyə sahəsində bütün elmi tədqiqatlar və səhiyyənin inkişaf göstəriciləri dəfələrlə azalmışdır. Halbuki süni intellektin əsas hədəfi insan sağlamlığı və yeni insan yetişdirilməsidir. Süni intellekt daha çox səhiyyə sahəsinə sirayət edir. Yaxın 20-25 il ərzində başqa planetlərin sakinləri ilə görüşmək, insanın orta yaş həddinin iki dəfəyə yaxın artırılması, süni yolla demoqrafik geniş təkrar istehsalın aparılması proqnozlarda ilk hədəfə alınan istiqamətlərdəndir. Burada əsas və vacib bir neçə trend üzərində müzakirəni vacib sayıram, çünki bunlar süni intellektlə təbii intellekt arasında baş verə biləcək ziddiyyətlərə aydınlıq gətirəcək. Əsas texnoloji istiqamətlər:
• AlphaFold 3: Biomolekulyar strukturların kompüter simulyasiyası vasitəsilə proqnozlaşdırılmasını mümkün edir və dərman hazırlanması (ilaç geliştirme) prosesini sürətləndirə bilər.[3]
• Epigenetik yenidən proqramlaşdırma (Epigenetik Yeniden Programlama): Hüceyrələrin bioloji yaşını geri çevirmək məqsədilə tədqiq (araştırma) olunur. Bu istiqamətdə (yönde) çalışan “Altos Labs” kimi tədqiqat qurumları qocalmanın molekulyar mexanizmlərini hədəf alır. Bu tədqiqatlar nəinki qocalma geninin dayandırılmasını, hətta hüceyrələrin gəncləşməsini, yəni geri dönüşünü təmin etməyi hədəfləyir.
• Senolitiklər (Senolitikler): Yaşlanmış hüceyrələri (yaşlı hücreleri) selektiv (seçici) şəkildə aradan qaldırmağı hədəfləyən farmakoloji birləşmələrdir. İlkin klinik nəticələr bəzi biomarkerlərdə (belirteçlerde) yaxşılaşma göstərsə də, bu yanaşmanın degenerativ xəstəlikləri tam aradan qaldırdığına dair kifayət qədər sübut (kanıt) hələ mövcud deyil.[4]
• Terapevtik Plazma Mübadiləsi (Therapeutic Plasma Exchange): Aparılan klinik analizlər bəzi bioloji yaş göstəricilərində orta hesabla təxminən 2–3 illik azalma nümayiş etdirmişdir. Bunun onilliklərlə gəncləşmə kimi təqdim olunması elmi baxımdan əsaslı hesab edilmir.[5]
• Gen mühəndisliyi, bionik implantlar və sintetik biologiya: Gələcəkdə insan fiziologiyasının funksional gücləndirilməsinə imkan verə bilər. Gen terapiyası, qanda nanorobot filtr sistemi, bionik protezlər, metabolizmin tam avtomatlaşdırılması, süni orqanlar və hüceyrədaxili robot şəbəkələri bəzi hallarda artıq başa çatmış tədqiqat, hətta təcrübədə yoxlanılmış vəziyyətdədir; digərləri futuristik layihə halındadır.
Belə bir vəziyyətlə süni intellekt (yapay zeka) erasına daxil olmaq ölkənin gələcəyi üçün heç də normal gələcək vəd etmir. Məsələ burasındadır ki, süni intellekt erasında elmi-texnoloji inkişafda rəqəbət (rekabet) də sürətlə yüksəlir. Dünya süni intellekt tədqiqatlarına 75 il əvvəl, 1950-ci ildə başlamış və ilk süni intellekt proqramı yaradılmışdır. O gündən bu günə bir saat da olsun fasilə verilməmiş və bu gün artıq dünya 2023-cü ildən etibarən süni intellekt erasına keçid dövrünü elan etmişdir. Müstəqil Azərbaycan yalnız 75 ildən sonra ilk addımı atmışdır. (Bu sahədə Sovet Azərbaycanında, xüsusilə 70-ci illərdə dəfələrlə daha çox iş görülmüşdür. Ölkə müstəqillik əldə edən gündən sürətlə elm və süni intellekt tədqiqatlarını (araştırmalarını) dayandırmış və elmi-texnoloji inkişaf bazasını tamamilə dağıtmışdır).
75 illik itkini bərpa etmək və yüksək inkişaflı süni intellekt ölkələrinə çatmaq üçün necə və hansı xərclə davam etməliyik? 75 il sürətlə inkişaf edən ölkələr oturub bizi gözləmir, indi daha sürətlə işlərini davam etdirirlər. Süni intellekt 100% elm-texnologiya işidir. Elm xərcləri və texnoloji inkişaf bu gün keçən əsrin 60-cı illərinin durğunluq (durgunluk) dövrü səviyyəsinə geri dönüş etmişdir.
70-ci illərdə böyük lider Heydər Əliyevin ciddi səyi nəticəsində elmi-texnoloji inkişafa və süni intellekt tədqiqatlarına yeni nəfəs verilmişdir. 10 il ərzində elmi-istehsalat birliklərinin (EİB) sayı 70 dəfə artırılmış, elm xərcləri 4 dəfə yüksəldilmiş, süni intellektin və elektron sənayesinin əsasını təşkil edən çip və yarımkeçiricilər (yarı iletkenler) elmi istehsalat birliyi (OZON EİB: o zaman çip zavodu cəmi 5-6 ölkədə var idi) qurulmuşdur. Müstəqil Azərbaycanda bu elmi istehsalat birliklərindən, xüsusilə süni intellektin can damarını təşkil edən çip və yarımkeçiricilər birliyi tamamilə dağıdılmışdır.
2025-ci ildə elm xərcləri 1980-ci illə müqayisədə təqribən 4 dəfə, əhalinin hər 10,000 nəfərinə düşən elmi işçilərin sayı 2 dəfə, patentlərin sayı 15 dəfə və bütün digər elmi göstəricilər bir neçə dəfə azalmışdır. Azərbaycan son 45 ildə elmi göstəricilərin düşmə tempinə (hızına) görə hətta Afrika ölkələrindən irəlidədir. 1980-ci ildə elm xərclərinin həcmində İsrail və Azərbaycan müqayisəsində təqribən 2 dəfə fərq var idi (Azərbaycan 520 milyon dollar, İsrail 1025 milyon dollar). 2025-ci ildə isə 222 dəfə fərq əmələ gəlmişdir (Azərbaycan 135 milyon dollar, İsrail 30 milyard dollar – bu, bütün 57 müsəlman ölkəsinin cəmi elm xərclərindən 5 milyard dollar çoxdur). Məhz bu xərcə görədir ki, İsrail bütün müsəlman ölkələri ilə baş edə bilir.
İndi artıq böyük süni intellekt tədqiqatlarına, ümumiyyətlə elmi-texnoloji inkişaf layihələrinin yerinə yetirilməsinə başlamaq vaxtıdır. Amerikalılarda bir atalar sözü var: “Cəmiyyətdə öz mövqeyini qoruyub saxlamaq üçün daimi qaçmaq lazımdır; əgər digərlərini ötüb keçmək istəyirsənsə, daha sürətlə qaçmalısan.” Hazırda ən yüksək elmi-texnoloji sürət əldə edən İsrail elmə ÜDM-in 6.5%-ni xərcləyir, Azərbaycan isə cəmi 0.17%-ni məsrəf edir. Bu rəqəm də ildən-ilə kiçilir. Hətta 2022-2026-cı illər iqtisadi inkişaf strategiyasında bu rəqəmin 0.1%-ə endirilməsi nəzərdə tutulmuş, 2026-cı ilin büdcəsində də elm xərclərinin 10 milyon manat azaldılması planlaşdırılmışdır. Əgər İsrail kimi süni intellekti inkişaf etdirmək istəyiriksə, Ar-Ge (tədqiqat və inkişaf) xərclərinin ÜDM-də payını 6.5%-ə çatdırmalıyıq.
Kitabdan daha asan və səmərəli (verimli) istifadə etmək üçün onu 150 suala bölmüşük, eyni zamanda həmin sualların konkret cavabları da verilmişdir. Bununla bərabər, kitab fəsillərə (bölümlere) ayrılmış, hər fəsil üçün bir qrup sual yerləşdirilmişdir. Hər bir fəsil ayrıca izahat-giriş və qısa Azərbaycan-Türk lüğəti (sözlüğü) ilə başlayır, sonra isə suallarla davam edir. Həmçinin kitaba əlavə indeks (dizin) yerləşdirilmişdir ki, hər açar söz üzrə məlumatları indeks vasitəsilə tapmaq mümkündür.
Kitabda dünya kitab tarixində görünməyən daha bir yeniliyə imza atılmışdır. Hər bir Türkiyə və Azərbaycan türkünə aydındır ki, İslam işğalından sonra nəinki torpaqlar, beyinlər və ölkələr işğal olunmuşdur, həmçinin dillər böyük zərər görmüşdür. XIX əsrə qədər bu Türk qruplarının ana dilində tədris və rəsmiyyət olmamışdır. İslam işğalından sonra türk dövlətləri yalnız dini baxımdan deyil, eyni zamanda dil baxımından da ciddi təsirə məruz qaldılar. Ərəb dili uzun müddət elm, din və rəsmi yazışma dili kimi üstün mövqedə (konumda) oldu. Bu səbəbdən bir çox türk ölkələrində yerli dillərə lazımi səviyyədə diqqət ayrılmadı və milli dillərin elmi inkişafı ləngidi (yavaşladı).
Sonrakı dövrlərdə bəzi türk xalqları Rusiya imperiyasının işğalına məruz qaldılar. Çar Rusiyasının yanaşması əvvəlki dövrlərdən müəyyən qədər fərqlənsə də, yerli dillərin rəsmi və elmi status qazanması prosesi ləngimişdir. Lakin İslam işğalından fərqli olaraq, Rusiya müstəmləkə (sömürge) xalqlarına təhsil və dil hüququnu qismən tanımışdır. Azərbaycan dili XIX əsrin ikinci yarısına, xüsusilə 1880-ci illərə qədər rəsmi dil kimi istifadə olunmamış, elmi şəkildə tədqiq edilməmiş və sistemli dərsliklərə (ders kitaplarına) malik olmamışdır.
Çar Rusiyası 1870-ci illərdə qərar vermişdi ki, imperiyanın tərkibində olan müsəlman xalqlara öz ana dillərində təhsil almaq imkanı verilsin. Bu qərar bəzi dairələr tərəfindən müsbət qarşılansa da, dini mühitdə ərəb dilinin üstün mövqeyi səbəbindən ana dilində təhsilə müqavimət göstərənlər daha çox olmuşdur və bu zaman “molla üsyanı” qalxmışdır. Bütün çətinliklərə baxmayaraq, bir qrup ziyalı ana dilində təhsilin təşkilinə nail oldu. Qısa müddət ərzində “Vətən dili” adlı dərslik hazırlanaraq Azərbaycan dilinin tədrisi üçün əsas qoyuldu. Bu təşəbbüs Azərbaycan dilinin elmi və pedaqoji əsaslarla inkişafında mühüm mərhələ oldu.
Dərsliyin hazırlanması və bu istiqamətdə aparılan işlər milli dil şüurunun formalaşmasına ciddi təsir göstərdi. Bu prosesə rəhbərlik edən və Azərbaycan dilinin ilk elmi dərsliyini yazan şəxs isə müsəlman deyildi; Rus millətinin Azərbaycanda yaşayan nümayəndəsi, böyük və fədəkar şəxs A.O. Çernyayevski idi.[6] Bu böyük insan ilk Azərbaycan dili dərsliyini (“Vətən dili”, 1883) yazdı.
Müasir dövrdə isə problem yeni müstəviyə keçmişdir. Süni intellekt və rəqəmsal texnologiyalar əsrində dillərin rəqəmsallaşması mühüm əhəmiyyət daşıyır. Natural Language Processing (NLP) – yəni təbii dilin emalı – mürəkkəb və çoxşaxəli elmi sahədir. Bu sahəyə mətnin tərcüməsi, mətn-sələ çevrilmə, səsdən mətnə çevrilmə, semantik analiz və süni intellekt əsaslı dil modellərinin yaradılması daxildir. Dil resurslarının rəqəmsallaşdırılması və süni intellekt sistemlərinə inteqrasiyası böyük elmi və texnoloji tədqiqatlar tələb edir. Təəssüf ki, bir çox türk dövlətlərində, o cümlədən Azərbaycanda bu proses hələ istənilən səviyyəyə çatmamışdır.
1992-ci ildə İstanbulda nəşr olunmuş “Sovet İttifaqı sonrası müstəqil Türk Respublikaları və türk qruplarının sosial-iqtisadi analizi: Türkiyə ilə əlaqələri” adlı kitabımda da bu məsələlər geniş təhlil edilmişdir.[7] Həmin araşdırmada belə bir nəticəyə gəlmişdik ki, türk dillərində mövcud olan fərqli sözlər digər türk ləhcə və şivələrində sinonim kimi qəbul edilsə, bu, həm dillərin zənginləşməsinə, həm də ümumtürk ünsiyyətinin güclənməsinə xidmət edər. Bu fikir həm elmi, həm də müasir texnoloji çağırışdır. Azərbaycan dili və digər türk dilləri həm elmi, həm də rəqəmsal müstəvidə sistemli şəkildə inkişaf etdirilməlidir.
Təəssüflər olsun ki, ilk klassik Azərbaycan dili dərsliyini də, süni intellektlə rəqəmsal Azərbaycan dili dərsliyinin ilk variantını da milli mütəxəssislər deyil, yenə də başqa millətlərin nümayəndələri hazırlayır. Ölkədə isə bu məsələ üzərində hər hansı bir tədqiqat aparılmır. Bütün araşdırmalar və uğurlar Google və Microsoft şirkətlərinə məxsusdur. Ölkə üzrə bir nəfər də olsa dilçi-proqramçı yoxdur; hər halda mən tapa bilmədim.
Buna görə kitabı iki dildə (ləhcədə) yazdım, bu işdə isə ən çox kömək edən süni intellekt proqramları oldu. Bütün səhifələr boyu Azərbaycan ləhcəsində ifadə olunan fikirlər harada fərqli mahiyyət ilə qarşılaşırsa, orada mötərizədə Türkiyə ləhcəsi də təkrar olunur. Türk ləhcələrinin tarixi evolyusiyası göstərir ki, bu ləhcələrin hamısının kökü bir mənbədən götürülmüşdür, amma xalqlar regional olaraq ayrıldıqca ləhcələrdə də fərqlər formalaşmışdır. Yaşayış məskənləri arasında məsafə artdıqca ləhcələrdəki fərqlər də artmışdır. Məsələn, Türkiyə ilə Azərbaycan ləhcəsi arasında fərq təqribən 14%-dirsə, Azərbaycanla Saxa-Çuvaş-Tuva arasındakı fərq 40-45%-ə çatır.
Hətta Cənubi Azərbaycanla Şimali Azərbaycan ləhcəsi arasında xeyli fərq əmələ gəlmişdir. Bu fərqlərin aradan qaldırılması üçün ciddi və kompleks dil islahatlarının keçirilməsi zəruridir. Süni intellekt erasında bunu həyata keçirmək xeyli asandır. Hər bir dildə qeydə alınan fərqli sözlər digər dillərdə sinonim sözlər siyahısına daxil edilməli və növbəti mərhələdə qrammatika və orfoqrafiya təkmilləşdirilməlidir.
Azərbaycan (eləcə də Cənubi Azərbaycan ləhcəsi) və Türkiyə ləhcələri üzrə bu sinonimləşdirmə (eşanlamlı hale getirme) prosesini dərhal başlamaq olar. Məsələn, “iyi” və “yaxşı” sözlərinin mənasını nə Türkiyədə, nə də Azərbaycanda anlamayan çətin ki, tapılsın; o zaman nə üçün hər iki ölkədə bunlar sinonim (eşanlamlı) söz kimi dilə daxil edilməsin? Eyni qaydada “yapmaq” sözü – Azərbaycanda bu sözün birbaşa qarşılığı (karşılığı) yoxdur, bu sözü əvəzləmək (yerini doldurmak) üçün iki və ya daha çox sözdən istifadə etməlisən. Əslində, müxtəlif regionlarda (bölgelerde) bu söz işlənilir, sinonim kimi leksikona (söz varlığına) daxil edilsə, müsbət nəticə verərdi.
İngilis dilində bir sözün bəzən 40-50 sinonimi var, dilin zənginliyi bununla ölçülür. Ümumi dilimizdə bunu 30-a yaxın türk qruplarına tətbiq etsək, hər sözün uzağı (en fazla) 5-10 sinonimi ortaya çıxacaq. Bu həm dilin ciddi surətdə zənginləşməsinə, ortaq dilin formalaşmasına, həm də türk qrupları arasında ünsiyyətin (iletişimin) asanlaşmasına gətirib çıxaracaq. Çox tədqiq (araştırma) etdim, amma mənfi tərəfini görə bilmədim.
Bu kitab ləhcələrin yaxınlaşması üzrə bir cəhd nümunəsi olaraq prosesə təkan verə biləcək. Buna görə də girişdə bu problemin təsvirinə geniş yer ayırdım.
Elm və texnologiya, rəqəmsallaşma və süni intellekt erasında cəmiyyətdə dəyişikliklər çox sürətlə gedir. Kitab yazılan anadək yaradıcı süni intellekt üzrə demək olar ki, bütün yeniliklər nəzərə alınmışdır. Amma proses o qədər sürətlə gedir ki, hər gün bir neçə yenilik ortaya çıxır. Bunun üçün bəzi saytlar var ki, hər gün yeniliklər haqqında informasiya verir və ictimaiyyətə çatdırır. Bu saytın linkindən istifadə etmək olar.[9]
Kitabda həmçinin indeks siyahısı verilmişdir ki, bu da hansı sözün hansı səhifədə yerləşməsi haqqında kifayət qədər material tapmağa imkan verəcək. İndeks siyahısı kitabın sonunda yer alır. Kitabın elektron (dijital) variantı, xülasədə göstərildiyi kimi smart kitab olaraq hazırlanmışdır.
Dərin hörmətlə və böyük uğur diləyi ilə,
İstinadlar:
[1] https://e-qanun.az/framework/59218
[2] https://president.az/az/articles/view/71588
[3] Abramson, J. et al. (2024). Accurate structure prediction of biomolecular interactions with AlphaFold 3. Nature.
[4] Kirkland, J. L. et al. (2017). The clinical potential of senolytic drugs. Journal of the American Geriatrics Society.
[5] Mehdipour, M. et al. (2025). Therapeutic plasma exchange effects on biological age. Aging Cell.
[6] https://rosreporter.ru/russkij-pedagog-iz-shemahi…
[7] İlhan Uludağ və Saleh Məmmədov. Sovet İttifaqı sonrası müstəqil Türk Respublikaları və türk qruplarının sosial-iqtisadi analizi: Türkiyə ilə əlaqələri. İstanbul, TOBB, 1992, 544 s.
[8] Saleh Məmmədov. Rəqəmsal keçid və elmi-texnoloji inkişafın sürətləndirilməsi zərurəti (Türk dünyası dillərinin toplu rəqəmsallaşdırılması bölməsi). Bakı, 2021, 406 s.
[9] https://www.futurepedia.io/