GİRİŞ
Son illərdə Sİ alətləri sürətlə artıb. Demək olar ki, hər gün yeni bir proqram təqdim olunur. Hamısı daha ağıllı, daha sürətli və daha faydalı olduğunu iddia edir. Nəticədə isə oxucu və istifadəçi üçün əsas problem yaranır: seçim etmək çətinləşir. Hansı alət həqiqətən işə yarayır, hansı isə sadəcə vaxt aparır? Bu fəsil məhz bu sualı cavablandırmaq üçün yazılıb.
Kitabın bu fəslinin məqsədi oxucunu Sİ texnologiyasının dərin mexanizmlərinə salmaq deyil. Məqsəd, real istifadə üçün sadə, aydın və praktik yol göstərməkdir. Fəsil 6 eyni yanaşma ilə hazırlanıb. Burada “ən güclü”, “ən qabaqcıl” kimi ümumi ifadələrdən qaçılır. Əvəzində, konkret ehtiyaclara uyğun konkret alətlər təqdim olunur. Oxucu bu fəsli oxuduqdan sonra hansı Sİ alətini nə üçün seçəcəyini bilməlidir. Daha vacibi isə hansı aləti seçməməli olduğunu da anlamalıdır.
Bu gün Sİ alətləri təkcə proqramçılar və texniki mütəxəssislər üçün deyil. Müəllimlər, tələbələr, marketinq mütəxəssisləri, məzmun istehsalçıları, dizaynerlər, sahibkarlar və ofis işçiləri də bu alətlərdən istifadə edir. Amma eyni alət hamı üçün uyğun ola bilməz. Yazı yazmaq üçün faydalı olan bir Sİ, araşdırma üçün zəif ola bilər. Vizual hazırlamaq üçün güclü olan alət isə planlama və analiz işlərində faydasız qala bilər. Bu səbəbdən bu fəsil “ən yaxşı Sİ hansıdır?” sualını deyil, “mənim işim üçün hansı Sİ uyğundur?” sualını əsas götürür.
Fəsildə təqdim olunan 10 Sİ aləti hər hansı reytinq və ya məşhurluğuna görə deyil, sadəcə müəllifin öz şəxsi təcrübəsinə uyğun olaraq seçilmişdir. Seçim zamanı üç başlıca amil prinsip əsas götürülüb. Birincisi, bu alətlər real istifadə olunur və praktik nəticə verir. İkincisi, fərqli iş sahələrini əhatə edir və yalnız bir peşəyə yönəlməyib. Üçüncüsü isə yeni başlayan istifadəçi üçün əlçatandır, yəni uzun öyrənmə prosesi tələb etmir. Bu yanaşma oxucunun vaxtını qorumaq və onu lazımsız texniki detallardan uzaq tutmaq üçündür.
Bu fəsildə hər bir alət eyni məntiq üzrə izah olunacaq. Alətin nə üçün yaradıldığı, kimlər üçün uyğun olduğu, hansı işlərdə faydalı nəticə verdiyi və hansı hallarda istifadə edilməsinin mənasız olduğu açıq şəkildə göstəriləcək. Burada məqsəd oxucunu alətə heyran etmək deyil, onu düzgün qərara yönəltməkdir. Çünki Sİ ilə bağlı ən böyük problemlərdən biri yanlış gözləntidir. İnsan aləti yükləyir, amma öz işinə uyğun olmadığını gec anlayır. Nəticədə həm vaxt, həm də motivasiya itir.
Xüsusilə vurğulanmalıdır ki, bu fəsildə Sİ heç vaxt qərar verən kimi təqdim olunmur. Tibbi, hüquqi və maliyyə mövzularında Sİ yalnız köməkçi rolundadır. Məlumatı toplamaq, variantlar yaratmaq və prosesi sürətləndirmək üçün istifadə olunur. Son qərar isə hər zaman mütəxəssisə və ya istifadəçinin özünə məxsusdur. Bu yanaşma kitabın bütün fəlsəfəsi ilə uyğun gəlir və oxucunun yanlış risklərə girməsinin qarşısını alır.
Fəsil 6-nın strukturu sadə və oxunaqlıdır. Əvvəlcə Sİ alətini seçmək üçün əsas meyarlar izah olunur. Bu oxucuya alətlərə baxarkən düzgün filtr formalaşdırmağa kömək edir. Daha sonra isə ən populyar və ən faydalı Sİ alətləri bir-bir təhlil edilir. Hər sual müstəqildir və ayrı-ayrılıqda oxuna bilər. Oxucu istəsə yalnız ona lazım olan aləti oxuyub keçə bilər, istəsə bütün fəsli ardıcıl şəkildə izləyə bilər.
Bu fəsli bitirən oxucu artıq “hamı istifadə edir” deyə alət seçməməlidir. O, öz ehtiyacını analiz etməyi, pulsuz və ödənişli alətlər arasındakı real fərqi görməyi, mobil və kompüter əsaslı Sİ həllərini düzgün ayırmağı bacarmalıdır. Əgər oxucu bu bacarıqları qazanırsa, deməli Fəsil 6 öz məqsədinə çatır.
İndi isə ilk və ən vacib mərhələyə keçirik. Sİ alətlərini tanımadan əvvəl onları düzgün seçməyi öyrənmək lazımdır. Bu səbəbdən Fəsil 6 88-ci sual ilə başlayır və bu sual bütün fəsilin təməlini təşkil edir.