Sual 137: Sİ SAVADLILIĞI UŞAQLAR ÜÇÜN NƏDİR?

Sİ savadlılığı texniki bilik demək deyil. Bu, uşağın proqramçı olması anlamına gəlmir. Kod yazmaq bacarığı ilə qarışdırılmamalıdır. Sİ savadlılığı uşağın süni intellektlə işləyən sistemləri başa düşməsi, onlarla düzgün münasibət qurması və onları kor-koranə qəbul etməməsidir. Bu, yeni dövrün oxuyub-yazma bacarığıdır.

Bir vaxtlar savadlılıq oxumaq və yazmaq idi. Sonra rəqəmsal savadlılıq ortaya çıxdı. Kompüterdən istifadə, internetdə davranış, məlumatı ayırd etmək. İndi isə yeni mərhələdəyik. Sİ savadlılığı deməkdir ki, uşaq anlayır: qarşısındakı cavabı insan yox, sistem yaradıb. Və bu cavab mütləq doğru olmaya bilər. Bu düşüncə refleksi çox önəmlidir.

Uşaq bilməlidir ki, Sİ düşünmür. Informasiya emalçısıdır, toplayır, hesablayır, emal edir və emalın nəticəsinə uyğun qərar qəbul edir. Məntiq qurur, amma dəyər vermir. Niyyət daşımır. Vicdanı yoxdur, qohum-qardaş, dost, düşmən tanımır, tam obyektivdir. Bu anlayış formalaşmadan Sİ-dən istifadə təhlükəlidir. Çünki uşaq cavabı “avtoritet” kimi qəbul edə bilər. Bu isə tənqidi düşüncəni zəiflədir. Sİ savadlılığı uşağa öyrədir ki, cavab yoxlanmalıdır. Müqayisə edilməlidir. Sualla qarşılanmalıdır.

Bu savadlılıq həm də sərhəd bilmə bacarığıdır. Uşaq anlamalıdır ki, hər sual verilmir. Hər məlumat paylaşılmır. Şəxsi məlumat nədir, niyə önəmlidir, bunu bilməlidir. Bu texniki mövzu deyil. Bu, davranış mədəniyyətidir. Sİ ilə ünsiyyət mədəniyyəti.

Ən önəmlisi isə budur: Sİ savadlılığı uşağa öyrədir ki, Sİ alətdir. Məqsəd deyil. O, düşünməni əvəz etmir. Düşünməni gücləndirə bilər. Əgər düzgün istifadə olunarsa. Əgər uşaq Sİ-dən cavab almaq üçün yox, düşüncəsini yoxlamaq üçün istifadə edirsə, doğru yoldadır. Əgər uşaq tapşırığı onun yerinə etdirmək üçün istifadə edirsə, problem başlayır.

Bu savadlılıq qorxu üzərindən öyrədilməməlidir. “İstifadə etmə”, “təhlükəlidir” deməklə yox. Anlama üzərindən öyrədilməlidir. Sual verməklə. Nümunə ilə. Müqayisə ilə.

Uşaq özü fərqi hiss etməlidir. Hansı cavab səthi, hansının dərin olduğunu görməlidir.

Məktəbin burada rolu böyükdür. Əgər məktəb Sİ-ə qadağa qoyursa, savadlılıq yaranmır. Əgər məktəb Sİ-ni izah edirsə, amma müzakirə etdirmirsə, yenə savadlılıq yaranmır. Sİ savadlılığı dialoqla formalaşır. Müəllimlə şagird arasında – sual-cavabla.

Valideyn də bu prosesin içində olmalıdır. “İstifadə edirsən, ya yox?” sualı kifayət deyil. “Necə istifadə edirsən?” sualı əsasdır. Çünki problem alətdə deyil, münasibətdədir.

Sİ savadlılığı uşağı gələcəkdən qorumaq üçün deyil. Gələcəkdə güclü olmaq üçün lazımdır. Bu savadlılığı olmayan uşaq Sİ-ni idarə etməyəcək. Sİ tərəfindən yönləndiriləcək. Fərq çox ciddidir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top