Sual 38: ŞƏKİL GÖNDƏRİB SUAL VERMƏK NECƏ EDİLİR?

Telefonla Sİ (Süni intellekt) istifadə edərkən ən faydalı imkanlardan biri şəkil göndərib sual verməkdir. Çünki bəzən problemi sözlə izah etmək çətindir. Amma şəkil hər şeyi göstərir. Məsələn, sənəddə yazı var, cihazda xəta çıxıb, qiymət etiketi oxunmur və ya dərs tapşırığına baxıb izah lazımdır. Belə hallarda şəkil göndərmək çox vaxt ən sürətli yoldur.

Şəkillə sual verməyin məntiqi sadədir: sən şəkli əlavə edirsən, sonra Sİ-dən həmin şəkli analiz etməsini istəyirsən. Amma burada iki əsas şərt var. Birinci şərt şəkilin keyfiyyətidir. İkinci şərt isə düzgün sual verməkdir. Bu ikisi düzgün olmasa, nəticə də zəif olacaq.

Əvvəlcə addım-addım proses belədir. ChatGPT tətbiqini açırsan. Yazı bölməsinin yanında adətən “+”, “paperclip” (fayl əlavə etmə) və ya şəkil işarəsi olur. Ona basırsan. Sonra iki seçim çıxır: “kamera ilə çək” və ya “qalereyadan seç”. Əgər sənəd və ya yazı göndərəcəksənsə, həmin an yenidən çəkmək daha yaxşıdır. Çünki işıq və fokus daha yaxşı olur. Əgər şəkil artıq telefondadırsa, qalereyadan seçib əlavə edə bilərsən. Şəkil əlavə olunandan sonra sən sualı yazırsan və göndərirsən.

Şəkil keyfiyyəti çox önəmlidir. Sİ şəkli görür, amma insan kimi “təxmin” etməyə məcbur qalanda səhvlər artır.

Ona görə şəkil çəkəndə bunlara fikir ver:

işıq yaxşı olsun

şəkil bulanıq olmasın

yazı oxunaqlı görünsün

kadr düzgün seçilsin, lazımsız hissələr olmasın

telefon çox tərpənməsin

Əgər, şəkil sənəd kimidirsə, onu düz bucaqla çəkmək lazımdır. Əyri çəkilsə, yazılar əyilə bilər və Sİ səhv oxuya bilər.

İkinci vacib məsələ düzgün sualdır. Bir çox adam şəkli göndərir və sadəcə “bu nədir?” yazır. Bu, zəif sualdır. Çünki, Sİ nə istədiyini anlamır. Düzgün sual daha konkret olmalıdır. Məsələn:

“Bu şəkildəki mətni oxu və AZ dilinə tərcümə et.”

“Bu etiketdə yazılan kaloriləri izah et.”

“Bu cihazın ekranında çıxan səhvin səbəbini izah et və addım-addım həll yaz.”

“Bu tapşırığı izah et və cavab yolunu göstər.”

Yəni, sən həmişə 3 şeyi deməlisən: şəkil nədir, sən nə istəyirsən, cavab hansı formada olsun.

Şəkillə işləyərkən təhlükəsizlik mövzusu da vacibdir. Şəkildə şəxsi məlumat ola bilər. Məsələn, telefon nömrəsi, ünvan, sənəd məlumatları, bank məlumatı. Belə şəkilləri göndərmək risklidir. Əgər, mütləq göndərməlisənsə, ən yaxşı üsul budur: həmin hissəni əvvəlcədən kəs (crop) və ya üzərini bağla. Çünki, Sİ sənin üçün köməkçidir, amma şəxsi məlumat “paylaşılacaq məlumat” deyil.

Praktik istifadə üçün ən yaxşı yanaşma belədir: əvvəl şəkli göndər, sonra sualı hissələrə böl. Məsələn:

“Şəkildə nə görürsən? Qısa təsvir et.”

“İndi, bu yazını oxu və sadələşdir.”

“Mənə 5 maddəlik nəticə çıxart.”

Bu üsul həm də cavabın daha dəqiq olmasına kömək edir.

Nəticə olaraq, şəkil göndərib sual vermək telefonla Sİ istifadəsinin ən güclü funksiyalarından biridir. Amma uğurlu nəticə üçün şəkil aydın olmalıdır, sual konkret olmalıdır və şəxsi məlumatlar qorunmalıdır. Bu qaydalarla Sİ gündəlik həyatda real yardımçı olur.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top