Sİ alətini düzgün seçmək alətin özündən daha vacibdir. Çünki, yanlış seçilmiş alət, nə qədər məşhur olsa da, istifadəçiyə fayda vermir. Əksinə, vaxt itkisinə, çaşqınlığa və “bu texnologiya mənlik deyil” düşüncəsinə səbəb olur. Buna görə də Sİ alətlərinə baxarkən emosiyaya, reklama və ya populyarlığa deyil, konkret meyarlara əsaslanmaq lazımdır. Bu beş meyar sadədir, amma praktik baxımdan həlledicidir.
Birinci meyar – məqsəd uyğunluğu.
Ən vacib sual budur: bu alət mənim hansı işimi asanlaşdırır? Əgər, bu suala aydın cavab yoxdursa, alət uyğun deyil. Məsələn, yazı yazmaq üçün yaradılmış Sİ-ni dizayn işlərində istifadə etməyə çalışmaq məntiqsizdir. Eyni şəkildə, araşdırma üçün güclü olan alət gündəlik planlama və ya qısa mətnlər üçün ağır gələ bilər. İstifadəçi əvvəlcə öz ehtiyacını dəqiqləşdirməlidir. Sonra həmin aləti bu ehtiyacla tutuşdurmalıdır. “Bəlkə lazım olar” yanaşması Sİ seçimində ən böyük səhvdir.
İkinci meyar – istifadə sadəliyi.
Yaxşı Sİ aləti izah tələb etməməlidir. İlk dəfə daxil olan istifadəçi nə edəcəyini intuitiv şəkildə (instinktiv) anlamalıdır. Əgər alət ilk andan qarışıq görünürsə, çoxlu ayar (setting) və termin tələb edirsə, bu alət yeni başlayan üçün uyğun deyil. Praktik istifadə üçün Sİ aləti işə fokuslanmalıdır, texniki detallara yox. İstifadəçi aləti öyrənməyə yox, işi görməyə vaxt sərf etməlidir.
Üçüncü meyar – nəticənin keyfiyyəti.
Sİ aləti sürətli cavab verə bilər, amma cavabın fayda-
sı əsas məsələdir. Yaxşı Sİ aləti aydın, məntiqli və istifadə oluna bilən nəticə təqdim etməlidir. Burada “uzun cavab” keyfiyyət demək deyil. Əksinə, lazımsız sözlərlə dolu nəticə istifadəçini yorar. Keyfiyyət o zaman yaranır ki, nəticə birbaşa işə tətbiq oluna bilsin. Məsələn, yazı üçün istifadə edilən Sİ konkret struktur, aydın fikir və oxunaqlı mətn verirsə, bu keyfiyyətli nəticədir.
Dördüncü meyar – dil və regional uyğunluq.
Bu çox vaxt nəzərə alınmır, amma real istifadə zamanı ciddi problem yaradır. Bəzi Sİ alətləri Azərbaycan və Türk dillərində zəif işləyir. Bəziləri isə ümumiyyətlə düzgün nəticə vermir. İstifadəçi alətin işlədiyi dilləri və region məhdudiyyətlərini əvvəlcədən bilməlidir. Əks halda, texniki baxımdan güclü olan alət praktik olaraq yararsız qalır. Yaxşı Sİ aləti istifadəçinin dilində aydın və təbii nəticə verməlidir.
Beşinci meyar – qiymət və dəyər balansı.
Pulsuz olması həmişə üstünlük deyil. Ödənişli olması da avtomatik olaraq daha yaxşı demək deyil. Əsas sual budur: verdiyi fayda, tələb etdiyi dəyərə uyğundurmu? Bəzi pulsuz Sİ alətləri gündəlik işlər üçün kifayət qədər funksionaldır. Bəzi ödənişli alətlər isə yalnız peşəkar istifadəçi üçün məntiqlidir. İstifadəçi əvvəlcə pulsuz versiyanı sınamalı, real ehtiyac yaranarsa ödənişə keçməlidir. Tələsik abunəlik ən çox peşmanlıq yaradan addımlardan biridir.
Bu beş meyar birlikdə istifadə edildikdə seçim prosesi xeyli asanlaşır. İstifadəçi artıq “ən populyar hansıdır?” sualını yox, “mənim üçün hansıdır?” sualını verir. Fəsil 6-da təqdim olunacaq bütün Sİ alətləri məhz bu meyarlara əsasən izah ediləcək. Növbəti sualdan etibarən isə konkret alətlərə keçirik və ilk olaraq ən çox tanınan Sİ alətindən başlayırıq.