Bütün reytinqlər ChatGPT-nin üzərində hərəkət edir. Əksəriyyət reytinq təşkilatları hələ də bazarın 60%-dən çoxunun ChatGPT-ə mənsub olduğunu göstərir. ChatGPT-nin bu qədər populyar olmasının səbəbi texniki üstünlüklərdən çox, istifadəçi təcrübəsidir. Bu alət Sİ ilə ilk dəfə tanış olan insanlar üçün giriş qapısı rolunu oynadı. İnsanlar Sİ-ni ilk dəfə real şəkildə “danışan”, “cavab verən” və “kömək edən” formada məhz burada gördülər. Bu da ChatGPT-ni digər alətlərdən bir addım önə çıxardı. Hər nə olsa da, bu şəbəkə dünyada yaradıcı süni intellektin əsasını qoydu.
Ən əsas səbəblərdən biri sadəlikdir. ChatGPT-dən istifadə etmək üçün texniki bilik tələb olunmur. İstifadəçi daxil olur və sualını yazır. Nə düymə axtarır, nə də uzun ayarlar (setting) ilə məşğul olur. Bu sadə quruluş Sİ-ni qorxulu texnologiya yox, gündəlik köməkçi kimi göstərdi. Bir çox insan üçün məhz bu məqam həlledici oldu.
İkinci mühüm səbəb çoxməqsədlilikdir. ChatGPT tək bir iş üçün yaradılmayıb. Yazı yazmaq, mövzu izah etmək, plan hazırlamaq, ideya tapmaq, mətn düzəltmək, e-poçt yazmaq, CV hazırlamaq kimi fərqli işlərdə istifadə oluna bilir. İstifadəçi bir alətlə bir çox ehtiyacını qarşıladığını gördükdə ona bağlanır. Bu alət “yalnız bunun üçündür” hissi yaratmır, əksinə “buradan başlaya bilərəm” mesajı verir.
Üçüncü səbəb cavabların təbii olmasıdır. ChatGPT-nin verdiyi cavablar robotik görünmür. Mətnlər oxunaqlıdır, sanki real insan tərəfindən yazılıb. Bu, istifadəçidə etibar yaradır. İnsan cavabı oxuyanda onu redaktə edə biləcəyini, üzərində işləyə biləcəyini hiss edir. Yəni ChatGPT istifadəçini passiv oxucuya çevirmir, onu prosesin içinə alır. Bu xüsusiyyət populyarlığın əsas dayaqlarından biridir.
Dördüncü səbəb sürətdir. ChatGPT çox qısa vaxtda nəticə verir. Bu, müasir istifadəçi üçün çox önəmlidir. İnsanlar saatlarla düşünmək, axtarmaq istəmir. Bir neçə saniyəyə ilkin mətn, plan və ya izah almaq böyük rahatlıqdır. Burada vacib məqam odur ki, ChatGPT son nəticə deyil, başlanğıc verir. İstifadəçi bu başlanğıcı öz ehtiyacına uyğun formalaşdırır.
Beşinci səbəb dil dəstəyidir. ChatGPT Azərbaycan və Türk dillərində digərlərinə nisbətən daha stabil işləyir. Bu da regionumuz üçün böyük üstünlükdür. Bir çox Sİ aləti ingilis dilində yaxşı nəticə verir, amma yerli dillərdə zəif qalır. ChatGPT isə gündəlik dildə daha anlaşılan cavablar təqdim edir. Bu xüsusiyyət onu daha geniş auditoriya üçün əlçatan edir. Onu da qeyd etməliyəm ki, Azərbaycan və Türk dillərində işləmək üzrə Copilot bir nömrədir. Hətta ChatGPT-dən də çox irəlidədir. Copilot Azərbaycan dilində bir neçə ilklərə imza atdı (səsləndirmə, nitq tanıma, sözlərin tələffüzü və s.). Google tərcümə proqramında bu günə qədər Azərbaycan dilində sözlərin tələffüzü yoxdur.
Digər vacib amil isə davamlı inkişafdır. ChatGPT zamanla daha stabil, daha ağıllı və daha faydalı hala gəlib. İstifadəçi hər dəfə geri qayıdanda alətin bir az da yaxşılaşdığını hiss edir. Bu da uzunmüddətli istifadə yaradır. İnsan “yenə sınayım” deyə geri qayıdır və bu vərdişə çevrilir.
Bütün bunlara baxmayaraq, ChatGPT hər iş üçün ideal alət deyil. Məsələn, dərin akademik araşdırma və ya real vaxt mənbə yoxlaması üçün zəif tərəfləri var. Amma onun
populyarlığı da buradan qaynaqlanır: o, mükəmməl olmağa çalışmır, faydalı olmağa çalışır. Əksər istifadəçi üçün bu kifayətdir.
Nəticə olaraq, ChatGPT-nin populyarlığı texnologiyadan çox yanaşma ilə bağlıdır. O, Sİ-ni sadələşdirdi, qorxunu azaltdı və gündəlik həyata daxil etdi. Bu fəsildəki digər alətlər daha spesifik işlər üçün güclü ola bilər. Amma ChatGPT hələ də çoxları üçün başlanğıc nöqtəsi olaraq qalır.