Sual 94: MİDJOURNEY NƏ ÜÇÜN İSTİFADƏ OLUNUR?

Midjourney əsasən, vizual yaratmaq üçün istifadə olunur. Bu alət mətn yazmaq, izah vermək və ya planlama aparmaq üçün nəzərdə tutulmayıb. Onun işi yalnız bir sahəyə fokuslanır: təsvir (image) istehsalı. Məhz bu fokus Midjourney-ni vizual sahədə ən güclü Sİ alətlərindən birinə çevirir.

Midjourney mətn əsasında şəkil yaradır. İstifadəçi nə istədiyini yazır və alət bunu vizual formaya çevirir. Burada yazılan mətnə prompt (təlimat) deyilir. Prompt nə qədər aydın və konkret olarsa, nəticə də bir o qədər istənilənə yaxın olur. Amma, bu alətin əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçi dizayner olmasa belə, estetik baxımdan güclü nəticələr ala bilir.

Bu alət, xüsusilə dizaynerlər, marketoloqlar və məzmun istehsalçıları üçün uyğundur. Sosial media paylaşımları, reklam vizualları, kitab üzlükləri, poster (afişa) ideyaları və konsept şəkillər yaratmaq üçün geniş istifadə olunur. Midjourney hazır dizayn vermir, ideya verir. Yəni o, son məhsuldan çox, yaradıcı prosesin başlanğıcıdır.

Midjourney-nin ən güclü tərəfi üslubdur. Alət fotorealistik (reallığa çox yaxın) görüntülər də yarada bilir, illüstrasiya (çizim), minimalist, futuristik və ya klassik üslubda işlər də. İstifadəçi, istədiyi vizual dili seçə bilir. Bu, brend üslubu qurmaq və ya vizual konsept axtarmaq üçün çox dəyərlidir. Ənənəvi dizayn proqramlarında saatlarla çəkən ideya mərhələsi burada bir neçə dəqiqəyə enir.

Digər tərəfdən, Midjourney gündəlik sadə ehtiyaclar üçün uyğun deyil. Məsələn, sənəd üçün sadə ikon, texniki diaqram və ya konkret ölçü tələb edən dizaynlar üçün bu alət ideal seçim deyil. Çünki Midjourney yaradıcılığa fokuslanır, texniki dəqiqliyə yox. Ölçü, format və funksional dizayn tələb edən işlər üçün klassik dizayn alətləri daha uyğundur.

İstifadə baxımından, Midjourney bir qədər fərqlidir. O, klassik veb səhifə üzərindən deyil, Discord adlı platforma vasitəsilə işləyir. Bu, bəzi istifadəçilər üçün öyrəşilməmiş ola bilər. Amma, bir neçə dəfə istifadə etdikdən sonra proses aydınlaşır. Yenə də qeyd etmək lazımdır ki, bu alət texniki deyil, amma öyrənmə mərhələsi tələb edir.

Dil məsələsində Midjourney əsasən ingilis dilində yazılmış prompt-larla daha yaxşı nəticə verir. Azərbaycan və Türk dillərində yazılan təsvirlər bəzən istənilən effekti verməyə bilər. Bu səbəbdən vizual keyfiyyət önəmlidirsə, ingilis dilində sadə və aydın prompt istifadə etmək daha məqsədəuyğundur.

Nəticə olaraq, Midjourney yazmaq üçün deyil, görmək üçündür. Əgər məqsəd vizual ideya yaratmaq, konsept hazırlamaq və estetik təsvirlər əldə etməkdirsə, bu alət çox güclüdür. Amma, funksional dizayn və ya gündəlik qrafik ehtiyaclar üçün başqa alətlərə baxmaq lazımdır. Midjourney, yaradıcılığı sürətləndirən vizual köməkçidir. Dizaynerin yerini tutan alət deyil.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top