Sual 138: UŞAQ NEÇƏ YAŞDAN Sİ İSTİFADƏ ETMƏLİDİR?

Bu sualı verəndə çoxları konkret rəqəm gözləyir. Beş yaş? Yeddi yaş? On yaş? Amma bu, yanlış yanaşmadır. Çünki məsələ yaşda deyil. Məsələ hazırlıqdadır. Uşağın texnologiya ilə münasibətindədir. Sİ istifadəsi “icazə verilən yaş” məsələsi yox, “şüur formalaşan mərhələ” məsələsidir. Öz övladlarım telefonu əlində tuta bildiyi andan Sİ elementlərini öyrənməyə və istifadə etməyə başlayıb. Professorlar, titullu alimlər kompyüterin dilini başa düşməyəndə üç yaşında qızım süni intellektlə hərf öyrənməyə başlamışdı.

Uşaq çox erkən yaşdan texnologiya ilə qarşılaşır. Bu, artıq dəyişməyəcək. Telefon, planşet, ağıllı televizor onun gündəlik həyatının bir hissəsidir. Sİ də bu mühitin içindədir. Ona görə “istifadə etməsin” demək real deyil. Real olan odur ki, necə və hansı çərçivədə istifadə edəcək.

Ən vacib prinsip budur: uşaq düşünmə bacarığı formalaşmadan Sİ ilə tək buraxılmamalıdır. Bu bacarıq adətən ibtidai siniflərin əvvəlində, təxminən 6–7 yaşdan etibarən yaranmağa başlayır. Amma bu avtomatik baş vermir. Valideyn və müəllim bu prosesi müşayiət etməlidir. Uşaq cavabı qəbul etməyi yox, cavabı sorğulamağı öyrənməlidir.

Daha kiçik yaşlarda Sİ birbaşa cavab verən vasitə kimi yox, izah edən, göstərən, maraq oyadan alət kimi istifadə olunmalıdır. Nağıl qurmaq, şəkil təsvir etmək, “niyə belə ola bilər?” tipli suallar üzərində düşünmək üçün. Yəni uşaq istehlakçı yox, iştirakçı olmalıdır. Əks halda Sİ onun yerinə düşünməyə başlayır.

9–10 yaşdan sonra uşaq artıq Sİ ilə daha məqsədli işləyə bilər. Amma burada da qayda dəyişmir. Sİ tapşırığı yerinə yetirməməlidir. Sİ tapşırığı başa düşməyə kömək etməlidir. Uşaq özü yazmalı, özü hesablamalı, özü qərar verməlidir. Sİ sadəcə güzgü rolunu oynamalıdır. Düşüncəni əks etdirməlidir.

Ən təhlükəli mərhələ orta məktəb yaşlarıdır. Çünki bu dövrdə uşaq sürətli nəticə istəyir. Vaxt qazanmaq istəyir. Əgər bu mərhələdə düzgün çərçivə yoxdursa, Sİ asan yol alətinə çevrilir. Bu isə öyrənməni zəiflədir. Ona görə məktəb burada aydın mövqe tutmalıdır. Qadağa ilə yox. Qaydalarla.

“Neçə yaşdan istifadə etməlidir?” sualının doğru cavabı belədir: uşaq sual verməyi öyrəndiyi andan. Amma cavabı tək həqiqət kimi qəbul etmədiyi anda. Bu iki şərt yoxdursa, yaşın heç bir əhəmiyyəti yoxdur.

Valideynlər üçün də sadə bir meyar var. Əgər uşaq Sİdən istifadə edəndən sonra mövzunu daha yaxşı başa düşürsə, doğru yoldadır. Əgər sadəcə hazır nəticə alıb mövzudan uzaqlaşırsa, problem var. Bu siqnalı vaxtında görmək lazımdır.

Sİ uşağın inkişafını sürətləndirə də bilər, dayandıra da bilər. Fərqi yaş yox, yanaşma yaradır. Düzgün yanaşma ilə Sİ erkən yaşdan faydalı ola bilər. Yanlış yanaşma ilə isə istənilən yaşda zərərli olur.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top